Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təminatına xüsusi önəm verir

Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təminatına xüsusi önəm verir

Vakıf Katılım

Ölkə başçısının “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər Planınında daxili tələbin genişləndirilməsi vasitəsilə iqtisadi artımın sürətinin və məşğulluğun qorunması, yeni iş yerlərinin açılması məqsədilə ortamüddətli dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioritetləri müəyyənləşdirilib. Bu zaman tikinti sektoru, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, daxili turizm fəaliyyət sahələri ilə yanaşı, kənd təsərrüfatı və emal sənayesinin də seçilməsi həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.

Frame.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn deyib.

O bildirib ki, koronavirus pandemiyasının yayılması ilə dünyada kənd təsərrüfatının inkişafı və əhalinin yerli istehsal hesabına təmini məsələsi ciddi şəkildə aktuallaşıb. Belə bir şərait göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmini məsələsinə xüsusi diqqət yetirməklə düzgün siyasət həyata keçirib. Son illərdə ölkəmizdə əhalinin yerli məhsulları ilə təminatına nail olmaq üçün kənd təsərrüfatının subsidiyalaşdırılması bu baxımdan xüsusi qeyd edilməlidir. Bu fəaliyyətlərin nəticəsidir ki, son 7 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Ötən il Azərbaycan sözügedən hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub.

“Hətta qlobal iqtisadi proseslərin təsiri ilə 2016-cı ildə ölkədə ÜDM azalsa da, kənd təsərrüfatında artım qeydə alınıb. Cari ildə koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə olacağı gözlənilsə də, kənd təsərrüfatı sahəsində artımın olacağı proqnozlaşdırılır. Bildiyiniz ki, bu ilin birinci rübündə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artıb. Xüsusən də, bu ilin ilk 3 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. O cümlədən, tərəvəz ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb. Tədbirlər planı çərçivəsində görüləcək işlərdə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, ölkənin ərzaq təhlükəsiliyinin güclənməsinə xidmət edəcək”, - deyə R.Hüseyn qeyd edib.

O vurğulayıb ki, pandemiya şəraitində və ya hər hansı fövqəladə hal zamanı əhalinin taxıl məhsulları ilə təminatında problemin yaranmaması üçün Dövlət Taxıl Fondunun yaradılması da vaxtında verilmiş doğru qərardır. Dövlət Taxıl Fondunda buğda ehtiyyatı var. Digər tərəfdən Azərbaycan ərzaqlıq buğdanın bir hissəsini əsasən Rusiya və Qazaxstandan idxal edir və hazırda bununla bağlı işlər gedir. Kartofla bağlı da ölkəmizin mövcud ehtiyatları tələbatın ödənilməsi üçün tam kifayət edir. Ölkəmizdə faraş kartofda bazara çıxmaq ərəfəsindədir. Həmçinin soğanın və digər tərəvəzlərin də istehsal ilə bağlı vəziyyət qaydasındadır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizin faktiki şəkər ehtiyatlarının həcmi 395 min tona bərabərdir və bu da yaxın aylarda daxili istehlakın ödənilməsində problemlərin olmayacağını göstərir. Həmçinin bu ilin yanvar-fevral aylarında ölkəmizə 7,86 min ton düyü idxal olunub. Hazırda düyü ehtiyatların həcmi təqribən 5 aylıq tələbatın ödənilməsinə kifayət edir. Ət və süd məhsulları ilə isə tələbatın ödənilməsi əsasən yerli istehsal hesabına təmin olunur. Əhalinin digər ərzaq məhsulları ilə təminatı istiqamətində də iş aparılır. Tədbirlər planı çərçivəsində əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi məsələsinə baxılacaq. Eyni zamanda, bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad ediləcək.

“Koronavirus böhranının kənd təsərrüfatına mənfi təsirinin minimallaşdırılması üçün də müvafiq iş aparılır. Nazirlər Kabinetinin Qərarına əsasən, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələləri tənzimləmək üçün “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat” təsdiqlənib. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. Yəni kənd təsərrütında məhsul istehsalının davamlılığını təmin etmək üçün iş görülür. Həmçinin Prezidentin Sərəncamına əsasən, aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manatın ayrılması da mühüm əhəmiyyətə malikdir. Bu vəsait koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanmasına xidmət edəcək. Xüsusən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqmətində komissiyanın yaradılması və onun qarşısına su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məsələsinin qoyulması kənd təsərrüfatının inkişafına töhfə verəcək. Yekun olaraq deyə bilərik ki, dövlətin iqtisadi siyasətinin əsas prioriteti kimi kənd təsərrüfatı və emal sənayesinin inkişafının seçilməsi isə yerli istehsalın artmasına və ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəlməsinə xidmət edəcək”, - deyə R.Hüseyn bildirib.

Hibya Xəbər Agentliyi